İngilislər də ispanların taleyini yaşadı: 1-2

 
 

Dünya çempionatında daha bir sensasiya qeydə alınıb. “D” qrupunun ilk oyununda İtaliya yığmasına 2-1 hesabı ilə uduzan İngiltərə millisi ikinci oyunu da məğlubiyyətlə başa vurub. İngilislər Uruqvayla oyunda rəqibin müqavimətini sındıra bilməyiblər. Uruqvaylı Luiş Suaresin iki qoluna Ueyn Runi yalnız bir qolla cavab verə bilib. Hesabı birinci hissənin sonlarında uruqvaylılar açıblar. Luiş Suares komanda yoldaşı Edinson Kavaninin mükəmməl ötürməsini qolla bitirib. İkinci hissədə ingilislər daha sürətli oyun oynayıblar. Rəqibə bir neçə çətin an yaşadan İngiltərə yığması 75-ci dəqiqədə qol sevinci yaşayıb. Qlen Consondan topu alan Ueyn Runi qapıçı Musleranı məyus edib. Bərabərlik qolundan ruhlanan ingilislər hücumları davam etdirsələr də, Uruqvay millisi müdafiədə yaxşı oynayıb. Belə hücumlardan birini əks-hücuma çevirən uruqvaylılar oyunun əsas vaxtının bitməsinə 5 dəqiqə qalmış qələbə qolunu vurmağa nail olublar. Yenə də Luiş Suares fərqlənib. Oyun bu hesabla da başa çatıb. Bu qrupda növbəti oyun İtaliya və Kosta-Rika komandaları arasında keçiriləcək.

 

Müəllif | Apa.Tv