Qaxda bacısı ilə dalaşan kişi evini yandırıb

İyun ayının 17-də Qax rayonunun Kötüklü kəndində 5 otaqlı evin yanaraq kül olmasının təfərüatları məlum olub. Araşdırma zamanı evi zərərçəkənin qardaşının yandırdığı müəyyənləşib. APA TV-nin xəbərinə görə, RPŞ-nin əməkdaşları yanğını 50 yaşlı İosif Babacanaşvilinin törətdiyi qənaətinə gəliblər. Şübhəli polis şöbəsinə gətirilib və əməlini etiraf edib. Hadisəyə ailədaxili münaqişə səbəb olub. Həmin ev İosif  Babacanaşviliyə məxsus olsa da, orada onun 46 yaşlı bacısı Mediko Babacanaşvili ailəsi ilə birlikdə yaşayıb. Qardaş sənədlə ona məxsus olan evi sataraq, Rusiyaya getmək istədiyini deyib, bacısı isə bununla razılaşmayıb. Nəticədə mübahisə yaranıb və İosif evdə heç kimin olmadığı zaman evi yandırıb.

Qax RPŞ-nin müstəntiqi Ramil Mabudov deyib ki, İosif Babacanaşvilinin ilkin ifadəsi alındıqdan sonra yaşadığı ərazini tərk etməmək şərti ilə evə buraxılıb. Faktla bağlı təyin olunmuş məhkəmə yanğın təhlükəsizlik və kimyəvi ekspertiziyanın rəyindən sonra onun əməlinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, iyunun 17-də Qax rayonunun  Kötüklü kəndində baş vermiş yanğın zamanı 5 otaq və 1 mətbəxdən ibarət ümumi sahəsi 272 kvadratmetr olan kürsülü ev təmamilə yanıb. Faktla bağlı Qax RPŞ-nin istintaq qrupunda araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov