Müctaba Xosrovtac: "İranın Azərbaycanın anbarlarından istifadə etməsi müzakirə olunur"

"Tehran-Rəşt dəmiryol xəttinin gələcəkdə Astaraya birləşdirilməsi İranla Qafqaz arasında dəmiryol xəttinin formalaşmasına və geniş imkanlara yol açacaq".

 

APA TV-nin xəbərinə görə, bu sözləri Bakıda səfərdə olan İranın Ticarət və sənaye nazirinin birinci müavini Müctəba Xosrovtac deyib. Onun sözlərinə görə, gələn il Tehran-Rəşt dəmir yol xəttinin istifadəyə verilməsi planlaşdırılır və bu istiqamətdə  geniş infrastruktur işləri aparılır. İranlı nazir müavini İran və Azərbaycanın  iqtisadi sahədə özəl sektorun fəaliyyətinin gücləndirilməsində maraqlı olduğunu qeyd edib: "Avqustun 4-5-də iki ölkənin birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək. Səfərimizin məqsədi komissiyanın iclasından öncə mövcud vəziyyəti dəyərləndirməkdir. Biz Azərbaycanla iqtisadi münasibətlərin inkişafında maraqlıyıq. Hazırda Məşhədə birbaşa uçuşun həyata keçilməsi ilə bağlı danışıqlar aparılır. Bundan başqa Ənzəli-Bakı istiqamətində dəniz nəqliyyatının fəaliyyətə başlaması da iki ölkə arasında malların daha asan şəkildə daşmasına imkan yaradacaq".

 

O qeyd edib ki, İran Azərbaycanla enerji sahəsində də əməkdaşlıqda maraqlıdır. Bu ölkə daha çox Azərbaycan qazını almaq istəyir.

Müctaba Xosrovtac qeyd edib ki, yayda qazın saxlanılması üçün Azərbaycan anbarlarından istifadə etmək istiqamətində də danışıqlar gedir.

 

Araz Azad Ticarət Zonasının sədrinin müavini Əliyar Rastuqu isə Azərbaycan şirkətlərini bölgəyə investisiya yatırmağa çağırıb. O bildirib ki, Araz Azad Ticarət Zonası dünyanın ən ucuz ticarət zonalarından biridir. İstehsal və sənaye baxımından orada yer götürmək istəyənlərə hər kvadratmetr 10 dollara başa gəlir. Hazırda orada 4-ü Azərbaycandan olmaqla 81 istehsalat birliyi fəaliyyət göstərir.  

 

Müəllif | Apa.Tv