Hava kəskin pişləşəcək

Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq yayıb. APA TV-nin məlumatına görə, xəbərdarlıqda bildirilir ki, ölkə ərazisində iyunun 21-dən 22-nə keçən gecədən başlayaraq qərb, şimal-qərb küləyinin güclənəcəyi, iyunun 22-si gün ərzində, 23-ü axşamadək əsasən Kür vadisi rayonlarında və Abşeron yarımadasında daha güclü olacağı gözlənilir. Gecə və axşam saatlarında şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə düşəcək.  İyunun 21-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. APA TV-nin xəbərinə görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq. Bölgələrdə də hava əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək. Dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova