Bir neçə məhkəmə hakimi vəzifəsindən uzaqlaşdırıldı

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının ilk iclası keçirilib. İclasda cari məsələlərin müzakirəsi zamanı çıxış edən millət vəkili Fəzail Ağamalı bildirib ki, Bakıda yüksək səviyyədə baş tutan NATO-nun seminarda erməni deputatlarla bərabər, Leyla Yunusun da Azərbaycan əleyhinə kampaniya cəhdi göstərməsi əsl cinayətdir. Leyla Yunusun kifayət qədər mənbəyi gizli olan maliyyə vəsaiti olduğunu deyən millət vəkili hüquq-mühafizə orqanlarına və Vergilər Nazirliyinə müraciət edərək, bu məsələni ciddi araşdırmağı tələb edib. Millət vəkili Siyavuş Novruzov isə qeyd edib ki, Leyla Yunus kimi adamlar heç zaman Azərbaycan dövlətinin maraqlarını düşünməyiblər: "Onlar hər zaman çalışıblar ki, düşmənlərlə əlbir olub Azərbaycan əleyhinə fikirlər söyləsinlər".

 

Fazil Mustafa “Çağ Öyrətim” məktəblərinin və “Araz” kurslarının bağlanmasına etiraz etsə də, deputat Qüdrət Həsənquliyev isə həmkarının çıxışı ilə razılaşmayıb. O bildirib ki, məktəblər hər hansı dinin və ideologiyanın təsiri altında deyil, dövlətin təsiri altında olmalıdır. Onun sözlərinə görə, bu, vaxtında verilmiş və düzgün qərardır.

 

Zahid Oruc da “Çağ Öyrətim” məktəblərinin bağlanmasından danışıb.  O qeyd edib ki, orada təhsil alanlar gələcəkdə vəzifə karyeralarında bu məktəblərdə oxuduqlarına görə maneələrlə üzləşməməlidir.

 

APA TV-nin xəbərinə görə, NATO-nun Rouz-Rout seminarı barədə danışan vitse-spiker Ziyafət Əsgərov bildirib ki, seminarda azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri açıqlamaqdan ibarət olub. O qeyd edib ki, hazırda beynəlxalq hüquq çox dərin böhrandadır və millətlərin hüququnun müdafiəçisi olan BMT böyük dövlətlərin çubuğu ilə oturub-durur.

 

İclasda digər məsələlər də müzakirə olunub. İnqilab Maşallah oğlu Nəsirov Ali Məhkəmənin hakimi təyin edilib. Milli Məclis prezident İlham Əliyevin təqdimatı ilə Bakı, Şirvan və Şəki Apellyasiya Məhkəmələrinin hakimlərini vəzifədən azad edib.

 

Müəllif | Apa.Tv