Erməni vəhşiliyi xarici ölkələrin ombudsmanlarına göstərildi

Xarici ölkələrin ombusmanları Quba məzarlığını ziyarət edib. “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda ombudsmanların XII Bakı Beynəlxalq Konfransının iştirakçıları Quba Soyqrımı Memorial Kompleksini ziyarət edib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, dünyanın müxtəlif 15-dən çox ölkəsindən 30-dan artıq ombudsman və onların nümayəndələri, insan hüquqları sahəsində ekspertlər, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünas alimlərə ermənilərin Qubada törətdiyi soyqırım barədə məlumat verilib. Bildirilib ki, 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığından əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir. Qonaqlar bildiriblər ki, onların vəzifəsi bundan sonra dünyada bu cür halların təkrarlanmasının qarşısını almaqdır.

Müəllif | Apa.Tv
Vəli Turan