Azərbaycanda andlılar məhkəməsi olmayacaq

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında tikintisi üçün icazənin tələb olunmadığı yaşayış binaları ilə bağlı qanunvericiliyə yeni əlavə edilib. APA TV-nin xəbərinə görə, müzakirə edilən "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, barəsində məlumatlandırma icraatı təqdim edilən yaşayış evlərinin ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir. Məlumatlandırma icraatı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırmalarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi zamanı tətbiq ed ilir. Belə binaların tikinti layihəsi üçün yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Onların tikintisinə icazənin verilməsi tələb olunmur.

 

Eyni zamanda Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən parlamentə təqdim olunmuş “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, qanunda nəzərdə tutulan andlı iclasçılar institutu ölkəmizdə məhkəmə-hüquq islahatları başa çatdıqdan sonra qüvvəyə minməli olsa da, Baş Prokurorluq tərəfindən bir sıra ölkələrin bu sahədəki təcrübəsi öyrənilib və məlum olub ki, andlı iclasçılar institutu gözlənilən səmərəni vermir. Müzakirələrdə bəzi deputatlar bu institutun saxlanılmasının tərəfdarı olsa da, səsvermə zamanı əksəriyyət onun ləğvini istəyib. Beləliklə, təklif qəbul olunub və Azərbaycanda andlılar məhkəməsinin yaradılmasından imtina edilib.

 

Daha sonra “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik layihəsi deputatların səsverməsi ilə müzakirəyə qəbul olunub. Bundan sonra hakimlərin fəaliyyətinə kənar müdaxilə ciddi nəzarətə götürüləcək, hakimin fəaliyyəti dövründə əmək haqqı aşağı salınmayacaq.

 

Müəllif | Apa.Tv