Azərbaycanda təhsillə bağlı önəmli saziş

 

Fövqəladə Hallar Nazirliyi, Təhsil  Nazirliyi və UNİCEF arasında  Fəaliyyət  Planı  imzalanıb. Tədbir Fövqəladə  Hallar Nazirliyi, Təhsil  Nazirliyi, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə nümayəndəliyi və UNİCEF-in həyata keçirdiyi “Təhsil  sahəsində  tərəfdaşlar”  adlı  layihə çərçivəsində həyata keçirilib.

 

APA TV-nin xəbərinə görə, sənədi fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov və UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard imzalayıblar. Mərasimdə çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycanın UNİCEF ilə uğurlu əlaqələrindən danışıb, fövqəladə hallar zamanı bölgələrdə görülən işlərdən bəhs edib. Kəmaləddin Heydərov bildirib ki, imzalanacaq saziş bölgələrdə yüksək səmərəliliyə malik, uşaqların mənafeyini düşünən məktəb modellərinin hazırlanmasını özündə ehtiva edir. Layihə təhsil sahəsində Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi və BP arasında əməkdaşlığa yeni təkan verməklə yanaşı, yerli əhalinin, xüsusən də məktəblilərin fövqəladə hallar və onlardan qorunma ilə bağlı daha dərin biliklərə nail olmasına şərait yaradacaq. 

 

 “Təhsil  sahəsində  tərəfdaşlar”  adlı  layihədə ölkədə  yeni  təhsil  modellərinin  yaradılmasına  yönəlmiş  layihələrin  hazırlanmasına  və  həyata  keçirilməsinə  dəstək verilməsi  nəzərdə  tutulur. Anlaşma memorandumu isə Azərbaycanın təhsil sisteminin ölkə üzrə təkmilləşdirilməsi üçün nümunəvi modellərin tətbiqini əhatə edir. Üçillik layihə xüsusən bp-nin  əməliyyatçısı  olduğu  Bakı-Tiflis-Ceyhan (BTC)  və Cənubi Qafqaz Boru Kəməri( CQBK ) boyunca  yerləşən  Kürdəmir,  Ucar,  Ağdaş,  Yevlax,  Samux,  Goranboy,  Şəmkir  və  Tovuz  rayonlarında  uşaqların  təhsilə  cəlb  edilməsinə  yönəlmiş  yeni  geniş  əhatəli  məktəb  modellərinin  yaradılmasını  nəzərdə tutur. 

 

Layihənin  dörd  komponentdən  ibarət  olacağı  planlaşdırılır. Buraya ailə  təhsil mərkəzləri ,  hər  kəs  üçün  bərabər  təhsil  imkanı ,  təbii  fəlakətlərə  hazırlıq,  gigiyena  və  sanitariya komponentləri daxildir.

 

Müəllif | Apa.Tv