MTN-dən böyük əməliyyat: 137 kq heroin, 48 kq gümüş tutuldu

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində 137 kiloqram heroin, 48 kiloqram gümüş məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan şəxslər cinayət başında yaxalanıblar. MTN ictimai əlaqələr mərkəzindən APA TV-yə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları -  Qurbanov İlhamiz Məhəmməd oğlu və Ağayev Vidadi Xanlar oğlu saxlanılıblar. Məlum olub ki, İlhamiz Qurbanov, Vidadi Ağayev və qeyriləri, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran ərazisində olan Əhməd adlı bir nəfər qabaqcadan əlbir olaraq satış məqsədilə təxminən 1 kiloqram heroni İrandan qaçaq yolla Azərbaycan ərazisinə gətiriblər. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycana qaçaq yolla narkotik vasitənin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşı Hüseynzadə Əhməd Əmiraslan oğlu saxlanılıb, baxış zamanı təxminən 1 kiloqram heroin aşkarlanıb.

 

Hər iki faktla bağlı CM-nin 206.4-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işləri başlanıb İlhamiz Qurbanov, Vidadi Ağayev və Əhməd Hüseynzadə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məh­kə­mənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində uzun müddət İrandan və Tacikistandan Rusiyaya qaçaq yolla narkotik vasitələrin daşınması ilə məşğul olan Qırğızıstan vətəndaşı Djuşanlo L.T., Tacikistan vətəndaşı Kalonov A.A. və Rusiya vətəndaşı Abdullayev Ş.A. Moskva şəhərində saxlanılıblar. Onlardan 135 kiloqram heroin aşkarlanıb. Faktla bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən cinayət işi başlanıb.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində, külli miqdarda dəyəri olan 48 kiloqram gümüş məmulatlarını qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanıblar. Bunlar Azərbaycan vətəndaşları Səlimli Azad Babahəsən oğlu, Hacıyev Əflatun Alimbaş oğlu və Hümbətəliyev Qadir Şahin oğludur. Faktla bağlı CM-nin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, həmin şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Müəllif | Apa.Tv
Apa.tv