Əli Həsənov: "Bu qədər ədalətsizlik olarmı?”

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlar qəbul edən beynəlxalq təşkilatlar öz qərarlarını riayət etməlidir”.

APA TV-nın məlumatına görə, bu sözləri 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, nə Avropa Şurasına, nə ATƏT-ə, nə BMT-yə sərbəst qurumlar demək olar: “Çünki bu qurumlar hansısa dövlətlərin ianəsindən, üzvlük haqlarının əsas hissəsini ödəyən dövlətlərdən asılıdır. Bəlkə də dünya ölkələrinin yeni qurum yaratmasına, ya da BMT-nin forma və strukturunun dəyişdirilməsinə ehtiyac var. Biz insanlara nə vaxta qədər "səbr edin" deyəcəyik?! Qonşu dövlət torpaqlarımızı işğal edib, lakin heç bir beynəlxalq qurumlar tərəfindən Ermənistana sanksiya tətbiq olunmur. Bu qədər ədalətsizlik olarmı?”

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson isə çıxışı zamanı bildirib ki, Azərbaycanda çeçenlər, əfqanlar, iranlılar ən çox qaçqın qrupunu təşkil edir. Bu qaçqınlar 20 ildir ki, Azərbaycanın həyatına çox yaxşı inteqrasiya olublar. Hazırda Azərbaycanda üçüncü ölkələrdən gələn 3500 qaçqın və sığınacaq axtaran şəxs mövcuddur. BMT nümayəndəsi hesab edir ki, Suriya, İraq və Əfqanıstanda baş verənlər gələcəkdə Azərbaycanda üçüncü ölkələrdən gələn qaçqınların sayının artacağını göstərir.

 

Müəllif | Apa.Tv