Dünya çempionatının ən qollu oyunu və Fransa növbəti mərhələdə

 

Fransanın futbol üzrə millisi dünya çempionatının E qrupunda ikinci tur çərçivəsində İsveçrə millisini darmadağın etdi. Braziliyanın Salvador şəhərində keçirilən qarşılaşma fransızların 5:2 hesablı qələbəsi ilə başa çatdı.

 

17-ci dəqiqədə hesabı Fransa millisinin hücumçusu Olivye Jiru açdı. Cəmi 1 dəqiqə sonra Didye Deşamın komandasının üstünlüyünü iki topa yarımmüdafiəçi Blez Matyuidi çatdırdı.

 

32-ci dəqiqədə Kərim Benzema penaltini yerinə yetirə bilmədi.

 

40-cı dəqiqədə daha bir yarımmüdafiəçi fərqləndi. Matye Valbuen Fransa millisinin 3-cü qolunu vurdu. Birinci hissə Fransa yığmasının 3:0 hesablı üstünlüyü ilə başa çatdı.

 

Birinci hissədə penaltidən fərqlənə bilməyən Kərim Benzema ikinci hissədə istəyinə çatdı. O, Fransa millisinin dördüncü qolunu vurdu və hesabı darmadağına çatdırdı. Amma bu da son olmadı. Musa Sissoko 73-cü dəqiqədə İsveçrə millisinin qapısına yol tapdı - 5:0.

 

Oyunun sonlarına yaxın isveçrəlilər fransızların qollarından ikisinin əvəzini çıxa bildilər. Əvvəlcə Bleri Cemaili fərqləndi. Daha sonra Qranit Caka baxımlı qola imza atdı.

 

Oyunun sonunda Fransa millisi daha bir qol vurdu. Lakin Kərim Benzema topu qapıya göndərənədək hakim qarşılaşmanı bitirmişdi və qol sayılmadı.

 

Qeyd edək ki, Fransa millisi iki oyundan altı xal toplayıb və növbəti mərhələyə vəsiqəni təmin edib. Birinci turda Ekvador yığmasını məğlub edən isveçrəlilərin isə 3 xalı var.

 

 

Müəllif | Apa.Tv