Lənkəranda iki azyaşlı hamını ayağa qaldırdı

Lənkəranda valideynin qapını açaraq çölə çıxmasını görən iki azyaşlı uşaq qapını arxadan bağlayaraq  evdə köməksiz vəziyyətdə qalıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, bina 19,  mənzil 5 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Samid Nəzərov Fövqəladə Hallar Nazirliyinin (FHN) "Qaynar xətt"inə zəng edərək iki azyaşlı körpəsinin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat verib. FHN-nin Cənub Regional Mərkəzinin xüsusi xilasetmə hissəsinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar. Onlar  öncə əməliyyat şəraitini qiymətləndiriblər. Məlum olub ki, evdə Məhəmməd və Əli Nəzərov qardaşları köməksiz vəziyyətdə qalıblar. Xilasedicilər iki istiqamətdə əməliyyat şəraitini qiymətləndirsələr də, daha əlverilşi variantın - beşmərtəbəli binanın damından  4-cü mərtəbəyə daxil olmağın üzərində dayanıblar. Otağa girən xilasedicilər uşaqların qorxudan qışqıraraq ağladıqlarının şahidi olublar. Qapını açan xilasedicilər hər iki uşağı valideynlərinə xəsarət almadan təhvil veriblər.

 

Müəllif | Apa.Tv