Tanınmış xanəndə yol qəzasında öldü

Masallı rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. Hadisə Ələt-Astara magistralının rayonun Musaküçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallının Qodman kənd sakini, 41 yaşlı Rövşən Mürüvvət oğlu Həşimovun idarə etdiyi minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı palıd ağacına çırpılıb. Güclü zərbə nəticəsində avtomobil deformasiyaya uğrayıb, sürücü hadisə yerində dünyasını dəyişib.  

 

APA TV-nin xəbərinə görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Səhiyyə Nazirliyinin Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunublar. Onların səyləri ilə sürücünün meyiti xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

 

Qeyd edək ki, qəzada ölən Rövşən Həşimov cənub bölgəsinin tanınmış xanəndədir.

 

Müəllif | Apa.Tv