Azərbaycanda xarici və yerli QHT eyni qaydada maliyyə hesabatı verəcək

Azərbaycanda xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının (QHT) filial və nümayəndəlikləri bundan sonra yerli QHT ilə eyni qaydada illik maliyyə hesabatları təqdim edəcək. Nazirlər Kabineti bununla bağlı “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”na dəyişiklik edib.

 

Dəyişikliyə əsasən, pul vəsaitlərinin hərəkəti haqqında hesabata ianə edilən pul vəsaitlərinin bank hesabına köçürmə yolu ilə və nağd şəkildə qəbul olunmuş məbləği də daxil edilməlidir.

 

APA TV-nin xəbərinə görə, illik maliyyə hesabatlarının təqdim edilməsi qaydasında da dəyişiklik edilib. Qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim olunmalıdır.

 

Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaq.

 

Eyni zamanda Maliyyə Nazirliyi təqdim olunmuş maliyyə hesabatlarına əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumatları hər il iyunun 1-dək Ədliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim etməlidir.

 

Müəllif | Apa.Tv