Vətəndaşların 20 min manatını mənimsəyən 2 nəfər tutulub
Goranboyda özlərini yüksək rütbəli vəzifəli şəxslərin yaxın qohumu kimi təqdim edərək sadə vətəndaşların 20 min manat pulunu dələduzluq yolu ilə ələ keçirən şəxslər saxlanılıb. Nərimanov Elmir Təyyar oğlu və tanışı Sadıqov Nemət Kərim oğlu 2012-ci ildə Zaqatala rayonu Muğanlı kənd sakini Məmmədov Ramin Məhəmməd oğluna güzəştli kredit düzəltdirəcəklərini vəd veriblər, onun 5000 manatını alıblar. 2013-cü ildə isə Goranboy rayon Azad kənd sakini Məmmədov Anar İbrahim oğlunun Qarabağ Hərbi Prokurorluğunda barəsində aparılan cinayət işinin icraatına xitam verdirəcəklərini deyərək onun atası İbrahim Məmmədovdan əvvəlcə 10 min manat, bir neçə gündən sonra isə daha 5 min manat pul alıblar.
APA TV-nin xəbərinə görə, vətəndaşların şikayəti əsasında saxlanılan Nərimanov Elmir Təyyar oğlunun Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən axtarışda olduğu müəyyən edilib. Hal-hazırda onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.