Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
Azərbaycanda İİV-ə yoluxmuş insanların sayının artmasına baxmayaraq, son 5 il ərzində narkomanların İİV-ə yeni yoluxma hadisələrinin sayında stabilləşmə müşahidə olunur. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, 2014-cü ilin 5 ayında narkomaniyaya düçar olmuş insanların qanının İİV-ə müayinəsi nəticəsində, onlardan 64 İİV-infeksiyasına yoluxma faktı təsdiq olunub.
Bu müddətdə Azərbaycan vətəndaşları arasında İİV-ə yoluxma hallarının 25,5 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Ümumilikdə isə 1992-ci ildən 2014-cü il iyunun 1-dək yoluxma hallarının 55,1% inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
İyunun 1-i tarixinə ümumilikdə 2040 nəfər QİÇS-li xəstə terapiyaya cəlb edilib. Onlardan 269 nəfəri 2014-cü il ərzində terapiya olunub. Yeni cəlb olunanlardan 82 nəfəri inyeksion narkotik istifadəçiləridir. Terapiyaya ümumi cəlb olunan 2040 nəfərdən 1103 nəfəri inyeksion narkotik istifadəçiləridir və onlardan da 449 nəfəri penitensiar sistemində terapiyaya qoşulub.