"Papanin"ə metro çəkilir

“Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq "Bənövşəyi xətt" üzrə tikilən yeni "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyasında tikinti işləri yekunlaşmaq üzrədir". Bunu  APA TV-yə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə,  gələcəkdə bu xəttin də davamı olaraq paytaxtın “Papanin” adlanan ərazisində yeni metro stansiya tikiləcək. Eyni zamanda şəhər istiqamətində uzanaraq Xətaidən, Keşlədən keçməklə Bakıxanov qəsəbəsinədək gedəcək.

 

"Bənövşəyi xətt"in davamı olaraq "Papanin"də və Heydər Əliyev adına İdman Kompleksinin yaxınlığında yeni bir stansiyanın tikintisinə başlanılıb. "Bənövşəyi xətt"ə "Avtovağzal", "Memar Əcəmi" "Papanin" və yeni tikintisinə başlanılan stansiya daxildir. Hələ ki, bu adlar şərtidir. Hazırda B-1, B-2, B-3, B-4 adlandırılır". 

 

Nəsimi Paşayev deyir ki, yaxın gələcəkdə “Dərnəgül” və “Xətai” stansiyaları arasında yeni xətt açılacaq ki, bu “Yaşıl” xətt adlandırılacaq. Eyni zamanda “Dərnəgül”dən “Xətai”yə qədər uzanan “Yaşıl” xəttin davamı olaraq yeni xətt “Xətai”dən “Həzi Aslanov” stansiyasınadək olan ərazini əhatə edəcək və əsasən Nobel prospekti boyunca uzanacaq. “Xətai” stansiyasından sonra “Ağ şəhər”də, indiki Neft Emalı Zavodunun qarşısında yeni stansiyalar tikiləcək. Bu stansiya isə “Həzi Aslanov - 2” adlanacaq”.

Müəllif | Apa.Tv