Toydan qayıdanlar dəhşətli qəzaya uğradılar: 2 ölü, 5 yaralı

İmişli rayonunda dəhşətli yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza  nəticəsində 2 nəfər  ölüb, 5 nəfər yaralanıb.

 

Hadisə Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. İmişli sakini Rövşən İbişov idarə  etdiyi VAZ 2107 markalı avtomobillə  İmişli istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Rövşən Məmmədovun idarə etdiyi “AzSamand” markalı minik maşını ilə toqquşub. Zərbədən sonra “AzSamand” idarəetməni itirərək yolun kənarına yuvarlanıb, VAZ 2107 isə qarşıda  hərəkətdə olan yük maşınına çırpılıb. Qəza nəticəsində VAZ 2107-də olan sərnişin, İmişli sakini Rafiq Muradov  və  “AzSamand”da   olan sərnişin, 40 yaşlı Bakı sakini  Gülmirə İbişova hadisə yerində dünyasını dəyişib. Hər iki sürücü  və  “AzSamand”-da   olan digər sərnişinlər  - 41 yaşlı Zeynəb Ziyadxanova, 13 yaşlı Qumru Ziyadxanova və 41 yaşlı Vəsilə Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon mərkəzi  xəstəxanasına çatdırılıblar. Yaralılardan Vəsilə Yusifova reanimasiya şöbəsinə yerləşdirilib və vəziyətinin ağır olduğu bildirilir. Digər  yaralılar isə Bakıdakı xəstəxanalara göndəriliblər.

 

İlkin məlumata görə,  “AzSamand” markalı avtombildə olanlar toydan qayıdırlarmış.

 

Faktla bağlı  araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı