Ermənilər azərbaycanlı traktorçunu güllələyiblər

Ermənilər daha bir azərbaycanlı dinc sakini güllələyiblər. Düşmən ordusunun Ağdamın işğal olunmuş Sotlanlı və Tərtərin Seyid Sulan kəndindən Tərtər rayonun Qapanlı kəndini atəşə tutması nəticəsində əkin sahəsində traktorla çalışan 1987-ci il təvəllüdlü Əliyev Namiq Hofəl oğlu yaralanıb. Hadisə kənd sakinlərinin sahədən ot bağlamalarını topladığı vaxt baş verib. Düşmən aydın gördüyü sakinləri dayanmadan atəşə tutub. İdarə etdiyi traktordan yerə düşən Namiq Əliyev güllədən yayına bilməyib. APA TV-nin xəbərinə görə, yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunub. Kənd sakinlərinin sözlərinə görə, ermənilər kəndi son vaxtlar dayanmadan atəşə tutur. Qohumlarının dediyinə görə, ermənilər vaxtilə onun atasını da güllələyiblər.

 

Xatırladaq ki son günlər ərzində ermənilər Tərtərin Qapanlı kəndini atəşə tutması nəticəsində evlərə xeyli zərər dəyib. İki ailəyə məxsus ot tayası yanıb. 20 illik atəşkəs dövründə 7 nəfər düşmən gülləsindən həlak olub. bir neçə nəfər minaya düşüb, 15 nəfərə yaxın adamsa erməni hərbiçilərinin atəşi ilə xəsarət alıb.

 

Müəllif | Apa.Tv