Vladimir Putin: "Poroşenkonun atəşkəs elanını dəstəkləyirəm, amma..."

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukrayna prezidenti Petro Poroşenkonun birtərəfli atəşkəs elan etməsini dəstəklədiyini bəyan edib. APA TV-nin məlumatına görə, Putin deyib ki, atəşin dayandırılması "dialoqsuz" mümkün deyil. Putin onu da söyləyib ki, ötən gecə Ukrayna ərazisindən artilleriya atəşi açılıb, Rusiya torpağına da mərmi düşüb. Ancaq atəşə görə kimin məsuliyyət daşıdığının aydın olmadığını bildirib. Qeyd edək ki, Poroşenko iyunun 21-də bəyan edib ki, atəşkəs saxlanmasa, alternativ planı var. Onun sözlərinə görə, atəşkəsin məqsədi Ukraynanın şərqində Rusiyayönümlü separatçılara silahı yerə qoymağa vaxt verməkdir. "Ancaq atəşkəsdən yararlanaraq yenidən qruplaşmağa ümid edənlər bilsinlər ki, bizim "B" planımız da var" deyə Poroşenko vurğulayıb. Bu rada Donbasda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir. Bəyanatda bildirilir ki, prezident Petro Poroşenkonun göstərişi ilə iyunun 20-dən 27-dək Ukrayna silahlı qüvvələri, Milli Qvardiya, sərhədçilər və Daxili İşlər Nazirliyinin bölmələri atəşi birtərəfli qaydada dayandırıb. İyunun 22-nə keçən gecə isə qanunsuz silahlı birləşmələr Donetskdə hərbçilərin mövqeyini 11 dəfə atəşə tutublar. Atəş Kramotorsk, Slavyansk, Artyomvsk və digər şəhərlərdə açılıb. Gün ərzində hərbçilərin mövqeyi digər məntəqələrdə də atəşə tutulub. Ukrayna hakimiyyəti vurğulayır ki, beynəlxalq ictimaiyyət separatçıların aqressiv davranışını dərhal və qətiyyətlə pisləməlidir. Poroşenko ABŞ vitse-prezidenti Co Baydenlə telefonla danışıb, silahlıların atəşkəsi pozmasına dair onlarla fakt sadalayıb. Həmin gün "Donetsk xalq respublikası" atəşkəsi pozub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı