İraq Xüsusi Təyinatlılarının komandiri yezidi kürdlərə sığındı

Şimali İraq Kürd Muxtariyyətinin baş naziri Neçirvan Barzani Amerikanın NBC televiziyasına qalmaqallı açıqlam verib. O, İraqın baş naziri Nuri El-Malikini istefaya çağırıb: "Nuri El-Malikin istefa verməlidir. Çünki baş nazir olaraq qaldığı müddətdə problemlər daha da artacaq. Malikinin baş nazir olduğu İraqda problemlər çözülməz".

APA TV-nin xəbərinə görə, Barzani bildirib ki, Bağdad hökumətinə bir neçə dəfə xəbərdarlıq ediblər, xüsusilə Mosula yönələn təhdidlərlə bağlı tədbir görülməsini istəyiblər. Lakin Maliki tövsiyələri diqqətə almayıb. Ölkədə siyasi böhran davam edərkən İŞİD terror təşkilatı da hücumlarını genişləndirir. "Milliyet"in xəbərinə görə, terrorçular türkmən rayonu Telaferi tamamilə ələ keçirib. Son hücumlar axşam saatlarında olub. Rayondakı hava limanı da terrorçuların nəzarətinə keçib. Baş nazir Malikinin "Aslanı" olaraq tanınan İraq Xüsusi Təyinatlılarının komandiri və Mosuldakı əməliyyatlara cavabdeh Ebu Velidin və yüzlərlə İraq əsgərinin Şengal qəsəbəsinə sığındığı bildirilir. Şengalın əhalisi əsasən yezidi kürdlərdən ibarətdir və buraya peşmərgə nəzarət edir. Kürdüstan Demokrat Partiyasının nümayəndəsi Serbest Babiri bildirib ki, Ebu Velidin qaçmaqdan başqa çarəsi qalmayıb, 600 İraq əsgəri və 60 hərbi texnika ilə Şengaldakı peşmərgələrə sığınıb.

Sosial mediada peşmərgələrə sığınan İraq Xüsusi Təyinatlıları Komandiri Ebu Velidin bir fotosu sosial mediada da yayılıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı