Bakıdan Belqrada motoyürüş edən şəxslərlə görüş keçirildi

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov ANS Şirkətlər Qrupunun təşəbbüsü ilə 15 İyun Milli Qurtuluş günü ərəfəsində Avropaya təbliğat turuna çıxan BAKI-HOG hərəkatının üzvlərini qəbul edib. APA TV-nin məlumatına görə, görüşdə çıxış edən Əli Əhmədov bildirib ki, Milli Qurtuluş Günü münasibətilə həyata keçirilən bu aksiya Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlərə verilən qiymətdir. O, bildirib ki, Azərbaycan öz həyatının inkişaf tempi, tolerantlığı, unikallığı, iqtisadiyyatının inkişafı ilə dünyanın diqqətini cəlb edən ölkəyə çevrilib. Azərbaycan ərazi və əhali baxımından kiçik ölkə olsa da, dünyada oynadığı rol baxımından kiçik ölkə sayıla bilməz. Onun sözlərinə görə, bu yürüş həm Azərbaycan xalqının sülhə hazır olduğunu, həm də qətiyyətli olduğunu ortaya qoyur. Yürüş haqqında məlumat verən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, yürüşün məqsədi Azərbaycanın bugünkü reallıqları, Xocalı faciəsi haqqında xarici ölkələrdə insanlara məlumat vermək olub. Onun sözlərinə görə, yürüş zamanı Avropanın bir neçə ölkəsində gənclərlə görüş keçirib, onlara Azərbaycanın bugünkü vəziyyəti, Xocalı faciəsi haqqında məlumat verilib. Bir neçə ölkədə Heydər Əliyevin abidəsini ziyarət etdiklərini deyən Vahid Mustafayev bildirib ki, motoyürüş Serbiyanın paytaxtı Belqrad şəhərində Heydər Əliyevin abidəsini ziyarət etməklə başa çatıb. Görüşün sonunda Əli Əhmədov tərəfindən motoyürüş iştirakçılarına Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən kitab bağışlanıb.

 

Müəllif | Apa.Tv