Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib

Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu başlayıb. APA TV-nin xəbərinə görə, forumda çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan və Rusiya müxtəlif sahələrdə yüksək səviyyədə əməkdaşlıq edir.

Onun sözlərinə görə, bu əlaqələr müxtəlif sahələrdə günü-gündən daha da genişlənir: “Bu gün Azərbaycan Rusiya ilə kənd təsərrüfatı, sənaye, neft-kimya sahəsində aktiv əməkdaşlıq edir. Bu günə qədər iki ölkə arasında 160-dan artıq sahədə əməkdaşlıq sazişi imzalanıb. Bunlardan 40 iqtisadi sahələrini əhatə edir”.

 

Nazir qeyd edib ki, bu gün Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,6 mlrd. dollar təşkil edir. Azərbaycan Rusiya üçün ixracda 3-cü, idxalda isə 1-ci yerləri tutan ölkədir. Azərbaycana son illərdə Rusiyaya 1 mlrd. dollardan artıq sərmayə yatırıb: “Azərbaycan Dövlət Neft Şirkəti Rusiyaya investisiya yatırımları edir. Bu gün Azərbaycan Rusiyanın regionları ilə də əməkdaşlığı genişləndirir. Azərbaycan Rusiyanın 15 regionu ilə müxtəlif sahələri əhatə edən iki tərəfli sazişlər imzalayıb”.

 

Şahin Mustafayev deyib ki,  hazırda 100-dən artıq azərbaycanlı tələbə Rusiya ali məktəblərində təhsil alıb. İldən ilə Rusiyada təhsil almaq istəyən azərbaycanlıların sayı artır. Nazir deyib ki, Azərbaycanda rusdilli məktəblərin sayı kifayət qədərdir.

 

Qeyd edək ki, 23-24 iyun tarixlərində keçiriləcək forum çərçivəsində plenar iclasının keçirilməsi, rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə əməkdaşlığın müxtəlif sahələri üzrə dəyirmi masaların təşkili nəzərdə tutulur.

 

Forumun yekun plenar iclasının sonunda Azərbaycan və Rusiya arasında sənədlər imzalanacaq.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov