Komissiya sədri: "Bəzi dövlət orqanları vakant yerlərlə bağlı məlumat vermir"

Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır".

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib. Bəhram Xəlilov deyib ki, hazırda Azərbaycanda V-VII təsnifat üzrə çalışan dövlət qulluqçularının sayı 30 minə yaxındır. Komissiya dövlət qulluqçularının V-VII təsnifatına aid olan qulluqçuların reyestrini aparır. 65 yaşına çatan dövlət qulluqçuları ilə bağlı vəziyyətə də aydınlıq gətirən komissiya sədri qeyd edib ki, onlarla bağlı 2 il öncə tədqiqat aparılıb: "O zaman bizdə 300-ə yaxın dövlət qulluqçusu vardı. Həmin şəxslərlə qanunvericiliyə uyğun olaraq iş aparılıb. Dövlət qulluqçusunun 65 yaşa çatması onun dövlət qulluğuna xitam verilməsi deməkdir. Amma dövlət orqanı rəhbərinin hüququ var ki, çox dəyərli kadr, mütəxəssislərlə əlavə 1 illik əmək müqaviləsi bağlasın. Sonra həmin müqaviləni 1 il də uzada bilər. Bu proses də hazırda dövlət orqanlarının əksəriyyətində tətbiq edilir".

 

Sədr gənclərin dövlət qulluğuna marağının ildən-ilə artdığını deyib. Dövlət qulluğuna qəbul olanların 80%-ni məhz gənclər təşkil edir: “Bu gün ölkədə dövlət qulluğu sahəsi üzrə ən çox ehtiyac informasiya texnologiyaları ixtisasları, hüquqşünas və iqtisadçılaradır”.

 

Komissiya sədri bu ildən bütün dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin tətbiq ediləcəyini vurğulayıb. Azərbaycanda dövlət qulluğuna qəbul zamanı müsahibə mərhələsində yaranan problemlər barədə danışan sədrin sözlərinə görə, hər iki mərhələ - həm müsabiqə, həm də müsahibə obyektiv keçirilir.

 

Bəhram Xəlilob deyib ki, bəzi dövlət orqanları vakant yerlərlə bağlı komissiyaya tam məlumat vermir: “Bu ildən başlayaraq, dövlət qulluqçularının reyestrinin yeni proqram təminatını işləyib hazırlamışıq. Proqram təminatı hansı vəzifələrin vakant olması, dövlət orqanlarının bizə vakant yerlər təqdim edib-etməməsi barədə məlumat almağa imkan verəcək. Qanunda qeyd edilib ki, bütün vakant yerlərlə bağlı komissiyaya məlumat verilməlidir. Müddətli müqavilə ilə çalışan dövlət qurumlarında sui-istifadəyə yol verilə bilər. Ancaq qeyd edim ki, müqavilə ilə çalışan şəxslər dövlət qulluqçusu statusu daşımırlar və gələcəkdə dövlət qulluqçularının əldə etdiyi imtiyazlardan istifadə edə bilməyəcəklər”.

 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı gününə həsr olunan “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova