İŞİD terrorçuları Səddam Hüseynin hakimini edam ediblər
İŞİD terrorçiları Səddam Hüseynin qisasını aldıqlarını bəyan ediblər. APA TV-nin "Milliyet"ə istinadən xəbərinə görə, İraqın keçmiş liderinə ölüm hökmünü verən hakim edam olunub. Rauf Abdul Rahman iyun 16-da yoxa çıxıb. Onun Mosuldan qadın paltarında qaçarkən terrorçular tərəfindən tutulduğu bildirilirdi. Səddam Hüseynə ölüm hökmünü kəsən Rauf Abdul Rahmanın tutulduqdan iki gün sonra edam edildiyi bildirilir. İraq hökuməti edam qərarını təsdiqləməsə də, hakimin terrorçular tərəfindən qaçırılmasının doğru olduğunu bildirib.
Edam iki qaynaqdan təsdiqlənib. İordaniyalı millət vəkili Xalil Attieh və Səddam Hüseynə yaxın adamlardan olan keçmiş millət vəkili İzzət İbrahim El Duri öz "facebook" səhifələrində hakimin edam edildiyi barədə xəbər paylaşıblar.
Bu arada ABŞ-ın xarici işlər naziri Con Kerri İraqdakı vəziyyəti müzakirə etmək üçün Bağdada səfər edib. "Hürriyet" xəbər verir ki, Kerri Bağdadda parlament sədri Usamə Nuceyfi, prezident köməkçisi Huzeyr Huzayi, xarici işlər naziri Hoşyar Zebari ilə görüşəcək. Kerri ilə Zebari görüşdən sonra birgə mətbuat toplantısı keçirəcək. Kerrinin Erbilə də səfər edəcəyi gözlənilir.