QMİ-dən fətva: 29 iyun - Orucluq ayının ilk günüdür

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. QMİ-nin mətbuat xidmətindən APA TV-yə  daxil olan fətvada bildirilir ki, müqəddəs Qurani-kərim bu ayda nazil olub.

 

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq, Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvimi və yaddaş kitabçasını tərtib edib. Builki hesablamalara əsasən, miladi təqvimlə 29 iyun 2014-cü il - hicri tarixi ilə  Ramazan ayının 1-ci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir: "Xüsusi minnətdarlıqla bildirmək istərdik ki, Azərbaycan dövləti müsəlman dindarların tolerantlığını və qardaşlıq münasibətlərini nəzərə alaraq Ramazan bayramının iki gün – 28 və 29 iyul tarixlərində keçirilməsinə qərar verilib. Şəvval ayı hilalının görünməsindən asılı olaraq Eyd-ül-Fitr – Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaq".

 

QMİ fitrə zəkatının vaxtında (Ramazan ayının sonunda) çıxarılması və imkansızlara verilməsini, həmçinin QMİ ilə AMEA-nın rəsədxanasının birgə hazırladığı mövcud təqvimə riayət edilməsini tövsiyə edir.

 

Qazilər Şurası din xadimlərimizin nəzərinə çatdırır ki, orucluqda iftardan öncə ehsan süfrələrində iştirak etməkdən qəti şəkildə çəkinsinlər. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı