Ann Brassör: "Azərbaycanın ərazi bütövlüyü prioritet məsələdir"
"Azərbaycanın ərazi bütövlüyü məsələsi digər ölkələrdə olduğu kimi, prioritet təşkil edən məsələlərdəndir".
APA TV-nin xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının sədri, xanım Ann Brassör keçirdiyi mətbuat konfransı zamanı deyib. O, may ayında Assambleyanın Bürosu və Daimi Komitəsinin Bakıda iclasının keçirildiyini də xatırladıb və yenidən Bakıya səfər edəcəyini bildirib: “Bununla bağlı qəbul etdiyimiz məlum qətnamə də onu göstərir ki, AŞPA ərazi bütövlüyünü müdafiə etmək məsələsində qətiyyətlidir. Həmçinin ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini də lazımı islahatların sürətləndirilməsi üçün fürsət kimi dəyərləndiririk. Bu islahatların aparılması, xüsusi ilə də ifadə və mətbuat, sərbəst toplaşma azadlığı kimi məsələlərin həllinin sürətləndirilməsi Avropa Şurasının tələblərini yerinə yetirmək baxımından olduqca vacib məsələdir”.
Ann Brassör Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təklif etdiyi “Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi” haqqında sənədə də münasibət bildirib: "Bizdən istənilən odur ki, Ermənistana qarşı sanksiyalar tətbiq edək. Amma bu təklifdə konkret olaraq, Ermənistan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması məsələsinə toxunulmayıb. Bu məsələ bizim Büromuzun sessiyanın son günü keçiriləcək iclasında müzakirə olunacaq. İndidən bu haqda bir söz deyə bilmərəm”.
O, bu məsələ ilə bağlı 2005-ci ildə qətnamə qəbul edildiyini xatırladıb.