Elmar Məmmədyarov: "Ruke sərhədlərimizlə bağlı qanunlara hörmət etməyib"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlment Assambleyasının yay sessiyasının ilk plenar iclasında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində çıxış edib. Nazir Azərbaycanın 6 aylıq sədrliyi çərçivəsində əsas prioritetləri haqda danışıb.
APA TV-nin xəbərinə görə, o, bu müddət ərzində Bakıda keçiriləcək tədbirlərin proqramı barədə məlumat verib, korrupsiya ilə bağlı mübarizəyə diqqət çəkərək bu mövzuda Bakıda xüsusi tədbir keçiriləcəyini söyləyib: "Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının ölkə üçün çox əhəmiyyətlidir. Həmçinin mədəniyyətlərarası və dinlərarası dialoqa dair sentyabrın əvvəlində Bakıda böyük bir tədbir təşkil ediləcək. Azərbaycanla AŞ arasında qəbul olunmuş Fəaliyyət Planına dair bir daha müzakirələr aparılacaq, AŞ-nın sosial həmrəylik proqramı ilə bağlı Bakıda nazirlər səviyyəsində xüsusi bir toplantı keçiriləcək".
Bundan başqa, Ukraynadakı məsələlərə toxunan E. Məmmədyarov bu ölkədə keçirilmiş prezident seçkilərinin sülh şəraitində, yüksək səviyyədə və beynəlxalq normalara uyğun bir şəkildə baş tutduğunu vurğulayıb. Kosovonun statusundan bəhs edən nazir bu məsələdə bir çox üzv ölkə arasında fərqli mövqeyin olduğunu xatırladaraq, Avropa Şurasının bu məsələdə neytral mövqe tutmalı olduğunu deyib.
Daha sonra, E. Məmmədyarov assambleya üzvlərinin müxtəlif suallarına cavab verib.
Elmar Məmmədyarov Fransanın ermənipərəst deputatı Fransua Roşbluanın Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Röne Rukeylə bağlı sualını cavablandırıb. O, bu suala Azərbaycanın xarici işlər naziri qismində cavab verəcəyini bildirib: “Cənab Ruke bizim sərhədlərin statusu ilə bağlı qanunlarımıza hörmət etməyib. Azərbaycan belə qanunları qəbul etməkdə tək deyil və belə praktika başqa ölkələrdə də tətbiq olunur”.