Moskva aeroportunda sərnişinin 571 min dollarını oğurladılar
Moskvanın Vnukovo hava limanında Rusiyanın Nijnekamensk şəhərindən gələn sərnişinə basqın edilib. Onun çantasından zorla 571 min dollardan çox pul aparılıb. Naməlum şəxslərin hücumuna məruz qalan şəxs bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat polisinə müraciət edib. APA TV-nin Rusiyanın İTAR-TASS Agentliyinə istinadən verdiyi məlumata görə, basqınçılar hava limanının "A" terminalına yaxınlaşan sərnişinə hücum edib, ona silahla hədə-qorxu gəliblər. Çantanı onun əlindən alan naməlum şəxslər 4 nəfər olub. Onlar üzlərinə maska keçirib və əyinlərində qara geyimlər olub. Bundan sonra onlar aradan çıxıblar. Zərərçəkən polisə hadisədən 12 saat sonra məlumat verib. Onun adı açıqlanmır. Hadisənin başqa təfərrüatları barədə məlumat verilmir. Nəqliyyat polisi cinayətkarların tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.