60 yaşlı qadını öldürən azərbaycanlı Dağıstanda yaxalanıb

Dağıstanda 60 yaşlı qadını öldürməkdə şübhəli bilinən azərbaycanlı sərhədi keçmək istəyərkən saxlanılıb. APA TV-nin xəbərinə görə, hadisə iyunun 1-də baş verib. Kazan şəhərinin Vaxitovskiy rayonundakı mənzillərdən birində 60 yaşlı qadının yandırılmış, çoxsaylı bıçaq zərbələri endirilmiş meyiti aşkarlanıb. Polis hadisənin qadınla yaxşı münasibətləri olan və onun evinə tez-tez gələn 30 yaşlı azərbaycanlı  tərəfindən törədildiyindən şübhələnib. Həmin şəxs isə müvəqqəti olaraq, kirayələdiyi evdə yaşayıb və polis oraya yollanıb. Məlum olub ki, şübhəli şəxs polisdən gizlənib və məlum olmayan yerə qaçıb.

Axtarış elan edildikdən 3 gün sonra, yəni iyunun 4-də həmin şəxs Dağıstandan Azərbaycana keçmək istəyərkən sərhəddə saxlanılıb. O, günahını boynuna alıb. Məlum olub ki, həmin gün azərbaycanlı və ev sahibəsi arasında birincinin ikinciyə olan pul borcu üstündə mübahisə baş verib. Hiddətlənən qadın kişiyə bıçaqla hücum çəkib. Lakin o, bıçağı alaraq qadına bir neçə zərbə endirib. Cinayəti gizlətmək üçünsə evdə yanğın törədib.

 

Müəllif | Apa.Tv