Azərbaycan prezidenti AŞPA-nın yay sessiyasında çıxış edib
Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında çıxış edib. APA TV-nin xəbərinə görə, dövlət başçısı bildirib ki, Azərbaycanda inkişaf gedir və islahatlar aparılır. İslahatlara 90-cı illərin ortalarından başlanıb: "90-cı illərin ortalarında Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul olundu. Ölkədə sosial və iqtisadi inkişaf dövrü başladı. Biz fəal şəkildə Avropa Şurasına üzv olduq. Biz öz istəyimizlə bu təşkilatın üzvü olmaq istəyirdik və bununla ölkədə aparılan islahatları dərinləşdirmək niyyətimiz var idi. Təbii ki, Avropa Şurasının bu üzvlüklə bizim üzərimizə müəyyən öhdəliklər qoyacağını aydın başa düşürdük və biz bu öhdəlikləri yerinə yetirməyə həmişə hazır olmuşuq. Biz indi də üzərimizə düşən bu öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik".
Fundamental azadlıqlar məsələsinə gəldikdə, prezident bildirib ki, ölkədə yüzlərlə siyasi institut, siyasi partiya fəaliyyət göstərir. KİV tam azaddır və Azərbaycanda gündəlik, həftəlik, aylıq çoxlu sayda qəzet və jurnal çap olunur, xeyli televiziya kanalı, eləcə də regional kanallar fəaliyyət göstərir: "Bundan başqa, ölkəmizdə internet tam azaddır və əhalinin 70 faizindən çox internetdən istifadə edir. Azad internet və senzuranın olmaması şəraitində biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, KİV-in azadlığını daha da genişləndiririk. Çünki mətbuatın azad olması demokratiya deməkdir və bu, hökumətin hansısa çatışmazlıqlar üzərində qüvvəsini cəmləşdirməsinə yardım etmiş olur".
İlham Əliyev islahatların üzərimizə düşən öhdəlikləri yerinə yetirmək və ya beynəlxalq təşkilatlardan müsbət qiymətlər almaq məqsədi ilə deyil, sadəcə ölkəni müasirləşdirmək məqsədi ilə aparıldığını deyib: "Mən bunu həmişə demişəm, indi də deyirəm ki, güclü demokratik təsisatlar olmadan bizim iqtisadi uğurlarımız möhkəm ola bilməz. Məhz buna görə bizdə demokratik islahatlarla iqtisadi islahatlar paralel aparılır və ümumilikdə bizim cəmiyyətimizdə müsbət bir abı-hava yaranıb. Bununla yanaşı, bizim ölkədə din və etiqad azadlığı mövcuddur, bu da bizim əsas uğurlarımızdan biridir".
Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti multietnik və çoxmillətlidir, müxtəlif dinlərin təmsilçiləri dinc və əmin-amanlıq şəraitində birgə yaşayır. Prezident qeyd edib ki, multikultiralizm ölkəmiz üçün prioritet təşkil edən məsələlərdəndir və Avropa Şurasındakı sədrlik dövründə fəaliyyətimiz bu məsələnin üzərində də cəmləşəcək.