Eyni ailədə dalbadal iki faciə: 46 yaşlı kişi qardaş itkisinə dözmədi

Tovuzda bir evdə bir-birinin ardınca iki faciə baş verib. APA TV-nin məlumatına görə, iyunun  23-də axşam saatlarında Tovuz rayonu Sarıtala kəndi ərazisində baş vermiş qəzada ölən 52 yaşlı Sərdar Hüseynovun qardaşı Xaləddin Hüseynov qardaş itkisinə dözməyərək vəfat edib. Mərhumun qohumlarının bildirdiyinə görə, Bakıda yaşayan 46 yaşlı Xaləddin Hüseynov ağır qəzada qardaşının ölümü və daha 5 qohumunun xəsarət almasından xəbər tutaraq təcili Tovuz rayonuna gəlib. Qardaşının yas mərasiminə yenicə çatan Xaləddin Hüseynov ağır itkiyə dözməyərək qəfil dünyasını dəyişib. Məlumata görə, mərhum eyni gündə rayonun Aşağı Quşçu kəndində qardaşı ilə yanaşı dəfn olunub. 

 

Qeyd edək ki, qəza iyunun 23-də axşam saatlarında Tovuz rayonun Sarıtala kəndi ərazisində baş verib. Rayonun Aşağı Quşçu kənd sakini, 52 yaşlı Sərdar Hüseynov idarə etdiyi avtomobillə dağ yolları ilə hərəkət edərkən maşını aşırıb. Qəza zamanı sürücü dünyasını dəyişib, avtomobildə olan sərnişinlər, Aşağı Quşçu kənd sakinləri, 5 yaşlı Lalə Hüseynova, 46 yaşlı Aybəniz Hüseynova, 77 yaşlı Gülarə Hüseynova, 19 yaşlı Səbinə Hüseynova və 46 yaşlı Sevinc Hüseynova ağır bədən xəsarətləri alıb.

 

Yaralılar  Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Məlumata görə, Hüseynovlar ailəsi Aşağı Quşçu kəndindən Sarıtalaya qonaq gedirmiş.

 

Müəllif | Apa.Tv