FİFA Suaresin rəqibini dişləməsini araşdıracaq

FİFA dünya çempionatının qrup mərhələsi çərsivəsində İtaliya-Uruqvay qarşılaşmasında baş verən insidenti araşdıracaq. Söhbət Uruqvay millisinin hücumçusu Luis Suaresin İtaliya yığmasının müdafiəçisi Corco Kellinini dişləməsindən gedir. Dünyanın ali futbol qurumu epizodu dəyərləndirmək üçün bütün məlumatları toplayacaq.

 

FİFA-nın reqlamentində belə bir müddəa var ki, futbolçu rəqibini dişlədiyinə cörə maksimum iki il müddətinə diskvalifikasiya oluna bilər. Luis Suares əvvəllər də İngiltərə çempionatında "Çelsi"nin müdafiəçisi Branislav İvanoviçi dişlədiyinə görə diskvalifikasiya edilmişdi.

 

Qeyd edək ki, dünya çempionatları tarixində ən uzunmüddətli diskvalifikasiya 8 oyun olub. 1994-cü ildə italiyalı Mauro Tassoti ispan futbolçu Luis Enrikenin burnunu sındırdığına görə 8 oyunluq cəza almışdı.

 

İnsidentin iştirakçısı Corco Kellini Luis Suaresi "əclaf" adlandırıb. O, bildirib ki, FİFA həmişə ulduz futbolçuları müdafiə edir. İtaliyalı futbolçu FİFA rəsmilərini epizodun təkrarına baxmağa və Luis Suaresi cəzalandırmağa çağırıb.

 

Müəllif | Apa.Tv