İmişlidə ağır qəza: 1 ölü, 3 yaralı
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, qəza İmişli-Qaravəllli avtomobil yolunun 1-ci kilometrliyində, Qaralar kəndi ərazisində qeydə alınıb. İmişli rayonunun Məmmədli kənd sakini Hikmət Bayramov VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol ayrıcında olan beton maneəyə çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişin Şahmar İsmayılov aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. Sürücü, eləcə də, avtomobildə olan digər sərnişinlər - Ramin Hüseynov və Orxan Qəmbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.