Poroşenko atəşkəsi dayandırmaq istəyir

Ukrayna prezidenti Petro Poroşenko terrorçuların atəşinə tərəddüdsüz cavab atəşi açmağı əmr verib. APA TV-nin məlumatına görə, ölkənin prezident administrasiyasının yaydığı xəbərdə deyilir ki, güc strukturları ilə görüşən dövlət başçısı atəşkəs rejimindən çıxmağı istisna etməyib. Eyni zamanda məlumatda deyilir ki, ötən gecə separatçılar Donetskdə Ukrayna silahlı qüvvələrinə məxsus vertolyotu vurublar. Nəticədə Ukrayna ordusunun doqquz hərbçisi həlak olub. Prezidentin sülh planının elan edilməsindən bu yana terrorçular 35 dəfə Ukrayna hərbçilərinə atəş açıb. Bu arada Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasından Ukraynaya ordu yeritməyə icazə verməsi üçün xahişinin səbəbini açıqlayıb. Vyanada mətbuat konfransında çıxış edən Putin xahişinin Krım ətrafındakı hadisələrlə bağlı olduğunu bildirib. “Mən Federasiya Şurasında belə bir məktub təqdim etmişdim. Mənim belə bir qərar verilməsinə dair xahişim Krımda o zaman baş verən hadisələrlə bağlı olub. Mən o zaman Silahlı Qüvvələrin istifadə olunmasını istisna etmirdim”. O, əlavə edib ki, Rusiya Krımda keçirilmiş referendum zamanı əhalinin seçim azadlığının təmin olunması üçün ordu qüvvələrindən istifadə edib. İyunun 24-də Putin Federasiya Şurasına Ukrayna ərazisinə ordu yeritməyə dair icazəni ləğv etməyi təklif edib. Federasiya Şurasının bu gün bu məsələyə dair qərar verəcəyi gözlənilir.

 

Müəllif | Apa.Tv