Dünya Bankı: Ermənistandakı monopoliya region ölkələrindən daha çoxdur
"Ermənistan iqtisadiyyatındakı monopoliya digər ölkələrlə müqayisədə daha çoxdur. Bunun nəticəsində burada qida məhsullarının qiyməti daha bahadır". APA TV-nin məlumatına görə, bu barədə Dünya Bankının son araşdırmalarından birində də deyilir. "Biznes mühiti və şirkətlərin fəaliyyəti ilə bağlı aparılan son sorğuya əsasən bazarlarda konsentrasiya çoxdur, lakin regionda olan digər ölkələrin 6 faizlik göstəricisinə nisbətən, Ermənistan bazarındakı monopoliya 19 faiz təşkil edir. Bundan başqa sorğuya cəlb olunan Ermənistan bazarların 60 faizi ya oliqapolik ya da monopolik xarakter daşıyır" deyə bankının hesabatında qeyd edilir. Yəni ki, Ermənistan bazarlarının 19 faizində bir satıcı var - monopolist, 60 faizində isə bir və ya bir neçə satıcı var. Bankın hesabatına əsasən monopoliya səbəbindən Ermənistanda qiymətlər çox yüksəkdir. Vaxt amili, məhsulların müxtəlifliyi, adambaşına düşən ÜDM, gəlir və ixrac dəqiqləşdirildikdən sonra məlum olub ki, digər MDB ölkələrinə nisbətən Ermənistanda qiymətlər orta göstəricidən 17 faiz çoxdur. Orta rəqəmdən yüksək qiymətlər nəticəsində erməni istehlakçıları illik 290 milyon dollar itkiyə məruz qalır. "Əgər nəzərə alınsa ki, qiymətlərin düşməsi istehlakçıların qida məhsullarına tələbini artırmayacaq, onda bir adamın illik itkisi 87,7 dollar və ya ÜDM-in 2,3 faizidir deyə hesabatda göstərilir. Bu o deməkdir ki, 4 nəfərdən ibarət ailə ildə 350 dollar və ya ayda 12 min dram itirir. Məhz ona görə ki, Ermənistan bazarı digər region ölkələrinə nisbətən daha çox monopoliyalaşıb. Başqa sözlə desək, Ermənistan monopolistləri ayda bir erməni ailəsindən 12 min dram, yəni təxminən 30 dollar oğurlayır.