Zakir Həsənov: "Ermənistanda istənilən hərbi obyekti darmadağın edə bilərik"
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov son vaxtlar qoşunların təmas xəttində baş verən insidentlərə münasibət bildirib. "Azərtac"-a müsahibə verən müdafiə naziri deyib ki, düşmən snayperləri hərbi qulluqçularımızı, dinc sakinləri atəşə tutur, hərbi baxımdan heç bir əhəmiyyət kəsb etməyən mülki obyektlərə, kənd təsərrüfatı sahələrinə ziyan vurur:" Düşmənlə onun dilində danışmaq lazımdır və biz bunu edirik. İstəyirəm, tam əmin olasınız ki, Silahlı Qüvvələrimizin bölmələri dərhal onlara cavab verir və düşmən tərəfi itki verərək susdurulur. Əsgər və zabitlərimiz şəhid olmuş silahdaşlarının intiqamını dərhal alır və bundan sonra da alacaqlar”.
Nazir bildirib ki, qoşunların təmas xəttində atəşkəs rejiminin mütəmadi pozulması bir yana, işğalçı Ermənistan silahlı qüvvələri Azərbaycanın həmsərhəd rayonlarını, kənd və qəsəbələrini atəşə tutur, dinc sakinləri yaralayır və öldürür: “Ermənistan tərəfi bu hərəkətləri ilə işğal zonasını genişləndirmək məqsədi güdür, öz təcavüzkar simasını dünyaya nümayiş etdirir. Dünya və beynəlxalq hüquq təşkilatları isə susur. Biz də Ermənistan kimi hərəkət edə, onun ərazisindəki istənilən hərbi obyekti və yaşayış məntəqəsini darmadağın edə bilərik. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Ancaq humanizm prinsipləri və xalqımızın yüksək insanpərvərlik duyğuları bizi bunu etməkdən saxlayır. Dinc sakinlərin, uşaqların, qocaların və qadınların günahı nədir?” deyə nazir bildirib.
Müdafiə naziri hərbi hissələrə ərzaqların verilməsində edilən dəyişiklikdən də danışıb. Nazir bildirib ki, ərzaqların müəssisələr tərəfindən birbaşa hərbi hissələrə təhvil verilməsi qadağan edilib. Zakir Həsənovun sözlərinə görə, hazırda müəssisələrin təhvil verdiyi ərzaq məhsullarının keyfiyyəti Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası tərəfindən yoxlanıldıqdan sonra mərkəzi ərzaq anbarına qəbul olunur və şəxsi heyətin təminatı üçün mərkəzləşdirilmiş qaydada hərbi hissələrə paylanılır.