Səlim Müslümov: "Müraciətlərin 99 faizi ev və maşınla bağlıdır"

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şəkidə vətəndaşları qəbul edib. APA TV-nin məlumatına görə, görüşdə Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarının sakinləri iştirak edib. Səlim Müslümov nazirliyin aidiyyatı struktur bölmələrinin rəhbərlərinə vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunvericilik çərçivəsində həll olunması barədə tapşırıq verib. İşsiz olduqlarını bildirən şəxslərin məşğulluğunun qısa vaxtda təmin edilməsi, lazım gəldikdə həmin şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi üçün yerli məşğulluq orqanlarına aidiyyatı tədbirlər görmələri tapşırılıb.

"99 faiz mənzil və avtomobillə bağlı olan məsələlərdir. 2 halda müalicə ilə bağlı, bir halda əlil arabası istənildi verildi. Yenə iki halda protezlə bağlı müraciət oldu. Bizim xüsusi qrup gələn həftə Şəkiyə gələcək və protezin ölçüləri götürüləcək".

Qəbul zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinin sorğu xarakteri daşıdığı məlum olub və onlara müvafiq izahat işi aparılıb. Vətəndaşların müraciətlərində səslənən, lakin Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər aidiyyatı qurumlara çatdırılması üçün qeydə alınıb

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov