Şeyx Ramazanda parçalanma yaratmaq istəyənlərə ciddi xəbərdarlıq etdi

"Bu gün Azərbaycanda İraq və Suriyada müxtəlif din adı altında qruplaşmalarda döyüşən gənclərin sayı çoxalıb. Bu məsələdə din xadimləri də məsuliyyət daşıyır".  

 

APA TV-nin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycandan Suriyaya, İraqa gedib döyüşənlər və bundan ilhamlanaraq İslamda sünni-şiə ədavəti salanlarla bağlı dindarlara müraciət edib.

 

“Mən bütün Azərbaycan dindarlarına üz tutaraq deyirəm ki, baxaq görək biz harada boşluq buraxmışıq ki, ondan istifadə edib gənclərimizi bu yola çəkirlər. Bu çox təhlükəli oyundur. Siz məscidlərdə, moizələrinizdə, insanlar arasında apardığınız söhbətlərdə elə etməlisiniz ki, gənclərimiz hansısa qüvvələrin təsirinə düşməsin. Həqiqi İslamı gənclərimizə düzgün aşılamaq lazımdır”.

 

Şeyx bildirib ki, bütün hallarda bunun qarşısı alınmalıdır. O, Ramazanda parçalanma yaratmaq istəyənlərə də ciddi xəbərdarlıq edib.

 

Biz bu məsələləri həm şiə, həm də sünni alimləri ilə məsləhətləşmişik. Ramazan ayının İslam dinində həssas aylardan olduğunu nəzərə alaraq, dini ayinlərdən istifadə edib parçalanma yaradanlara imkan verməməliyik. Hər şey İslamın buyurduğu qaydada olacaq”.

 

Alllahşükür Paşazadənin fikrincə, bəzi insanlar həqiqi islamı inkişaf elətdirmək istəmirlər. İslamı terror dini kimi təqdim edirlər. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun sonuncu buraxılışı keçirilib. Tədbirdə kursu bitirənlər QMİ-nin sertifikatı ilə təmin olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı