Nəsimi rayonunda içkili sürücü zəncirvari qəza törətdi

Paytaxtın Nəsimi rayonu Həsən Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Tələbə Qəbulu Dövlət Komissiyasının qarşısında qeydə alınıb. Vüsal Rzayev idarə etdiyi “Passat Touareg" markalı avtomobillə hərəkətdə olarkən Səməd Vurğun küçəsindən, qadağan olunmuş istiqamətdə Həsən Əliyev küçəsinə dönmək istəyib. İdarə etməni itirən sürücü avtomobili əvvəlcə qarşısında hərəkətdə olan "Mersedes"ə, daha sonra isə yolun qoruyucu hissəsinə çırpılıb. Zərbə güclü olduğundan "Mersedes" də işıqforda dayanan 23 yaşlı Əhməd Məsimovun idarə etdiyi "Vaz 2106" markalı avtomaşına çırpılıb. Nəticədə "06"nın sürücüsü əl nahiyəsindən xəsarət alıb. Əraziyə Dövlət Yol Patrul Xidmətinin və Nəsimi rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Polis əməkdaşlarının apardığı ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə səbəb "Touareg"i idarə edən Vüsal Rzayev yol hərəkət qaydalarını pozmaqla yanaşı həmdə avtomobili içkili vəziyyətdə idarə etməsi olub.

Müəllif | Apa.Tv