İraqda şiələrlə kürd peşmərgələri arasında silahlı qarşıdurmalar davam edir

Kərkükdə gərginlik artır. Şəhərə nəzarət edən peşmərgələrlə yerli türkmənlər arasında silahlı qarşıdurmalar yaranıb. Buna qədər isə iyunun 24-də isə Kərkük vilayət Məclis Başçısı və İraq Türkmən Cəbhəsi İcra Heyətinin üzvü Münir Qafili öldürülüb. APA TV-nin məlumatına görə, bu barədə İraq Türkmən Cəbhəsi Kərkük vilayət məclis üzvü Ali Mehdi bildirib. Onun sözlərinə görə, hadisə baş verəndə o, Ankarada olub, indi Kərkükə qayıdıb və məsələ araşdırılır. Kərkükdəki türkmənlər Qafilinin öldürülməsinin şəhərdə türkmənlərin təsirini azaltmağa yönələn bir hücum olduğunu qeyd edirlər. Qətlin açılması üçün Kərkükdə soruşdurma başlanıb, mühafizə kameraları yoxlanılır, bir neçə yerdə əməliyyatlar keçirilib.

Mosul İŞİD terrorçuları tərəfindən tutulandan sonra Kərkükə nəzarət edən peşmərgələr Kərkükdə güclərini artırmağa çalışan silahlı şiə türkmənlərə imkan vermirlər. Kərkükə bağlı Tazə qəsəbəsində nəzarət nöqtəsi qurmağa çalışan Şiə Esaibil Haqq Qrupuna qarşı peşmərgələr əməliyyat keçirib. Qrupun liderlərindən Əli Qasımi öldürülüb. İraq ordusunun Kərkükdən çəkilməsindən sonra şiə dini liderlərin fətvası ilə şiələr silahlanmağa başlayıb, şəhərdə silahlı mərasim keçirilib. Şəhərin kənarında yerləşən peşmərgələr isə bu cür silahlı qruplara imkan vermir, silahları şiə türkmənlərdən alır. Bundan başqa İraq hərbi hava qüvvələri İŞİD-in əlində olan Mosula bağlı Baaca rayonunu bombalayıb. Bundan sonra ərəblərin çoxluqda olduğu rayondan yüzlərlə insanın yezidi kürdlərin yaşadığı Suriya sərhədində yerləşən Şengal qəsəbəsinə qaçdıqları bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv