"Əl-Qaidə" və İŞİD terrorçu qrupları birləşir

Suriyanın İraqla sərhəddində Əlbu Kamal ərazisindəki "əl-Qaidə" və İŞİD terrorçu qrupları birlikdə döyüşməyə qərar verib. "Milliyet"in xəbırinə görə, “əl-Qaidə”nin Suriya qolu olan “əl-Nüsra” cəbhəsi son günlər İraqda və Suriyada gücünü artıran İŞİD qruplaşması ilə birləşib.

 

Suriyanın İraqla həmsərhəd Əlbu Kamal şəhərində “əl-Nusra” cəbhəsinin silahlıları İŞİD-ə sadiq qalacaqlarına and içiblər. Sosial şəbəkələrdə “əl-Nüsra” cəbhəsinin lideri Əbu Yusif əl Masrinin də İŞİD-ə sədaqət andı içməsini əks etdirən fotolar yayılıb.

 

Suriya İnsan Hüquqları üzrə müşahidə missiyasının nümayəndəsi Rami Əbdürrəhman “Reuters”ə açıqlamaasında bu birləşmənin adi bir iş olmadığını, “əl-Nüsra”nın Əlbu Kamala nəzarət etdiyini deyib: “Demək olmaz ki, İŞİD Əlbu Kamalı nəzarətə götürdü. Amma onlar artıq Əlbu Kamaldadırlar”.

 

Qeyd edək ki, ötən il yayılan və İŞİD lideri Əbu Bəkr əl Bağdadiyə aid olduğu iddia olunan audio yazıda "əl-Nüsra" cəbhəsinin İŞİD-ə birləşdiyi deyilsə də, bu məlumat təkzib olunmuş, “əl-Nüsra” lideri sadəcə “əl-Qaidə” lideri Əymən əz Zəvahiriyə bağlı olduğunu açıqlamışdı.

 

Müəllif | Apa.Tv
Apa.tv