Marşrut avtobusu "VAZ 2106"-nı əzdi, ana və oğlu öldü - YENİLƏNİB

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə iyunun 26-da saat 10.00 radələrində Gəncə-Daşkəsən yolunda, “Mal bazarı” adlanan ərazidə qeydə alınıb. Göygöl rayon Polis Şöbəsindən APA-TV-nın qərb bürosuna verilən məlumata görə, Gəncə-Daşkəsən avtomobil yolunda, Gəncə şəhər sakini, 46 yaşlı İlqar Babayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə, şəhər sakini, 35 yaşlı Əhmədov Fidailin idarə etdiyi, Gəncədə 7 nömrəli marşrut xətti üzrə işləyən “İsuzu” markal sərnişin daşıyan avtobus toqquşub. Qəza zamanı “VAZ 2106”-nın sürücüsü hadisə yerində ölüb. Onun anası, 66 yaşlı Mahirə Babayeva isə çatdırıldığı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib. Sürücünün bacısı 45 yaşlı Tahirə Nağıyeva isə ağır vəziyyətdə xəstəxanada müalicə alır. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qəza zamanı avtobusun sürücüsü və maşında olan sərnişinlər xəsartəsiz ötüşüb. Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə ilkin araşdırma zamanı məlum olub ki, qəzaya səbəb sərnişin daşıyan avtobusun “VAZ 2106”-nın yoluna çıxması olub. Avtobusun sürücüsü bunun səbəbini maşında olan nasazlıqla əlaqələndirib. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli