Lənkəranda ağır qəza: 1 ölü, 1 yaralı

Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza iyunun 26-da saat 08.00 radələrində Ələt-Astara magistralının 190-cı kilometrliyində, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Liman şəhər sakini Qulam Hacıyevin idarə etdiyi “VAZ 21074” markalı  minik avtomobili Lerik rayon sakini, 38 yaşlı Şükür Şükürovun idarə etdiyi “Mercedes Vita” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində “VAZ 21074” markalı avtomobilin sərnişini, Lənkəranın Parakənd qəsəbə sakini, 30 yaşlı Elvin Sultanov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Avtomobil  deformasiyaya uğrayıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin nəticəsində  Elvin Sultanovun meyiti xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Müxtəlif dərəcəli bədən xəsarətləri almış “VAZ 21074”ün sürücüsü isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin versiya kimi qəzanın “VAZ 21074” markalı avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə avtoekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv