Prezident: “Vasitəçilər daha çox müharibənin olmaması ilə bağlı səy göstərirlər”
"Azərbaycan müharibə istəmir". APA TV-nin məlumatına görə, bunu Azərbaycan prezidenti Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərindən sonra bəyan edib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan məsələnin sülh yolu ilə həll edilməsinə çalışsa da, görür ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır: "Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır".
Prezident İlham Əliyev deyib ki, uzun illərdir münaqişə öz həllini tapmır, beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir, Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Dövlət başçısı bəyan edib ki, Azərbaycana qarşı göstərilən ədalətsizlik qəbuledilməzdir. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin üstündən 20 il keçsə də, onların heç biri icra edilmir: "Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər, ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllindən daha çox qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi ilə məşğuldurlar. Qarşılıqlı etimad tədbirlərinin içərisində birinci tədbir erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasıdır və danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əfsuslar olsun ki, vasitəçilər danışıqlarda ədalətin bərpa edilməsinə deyil, daha çox müharibənin olmaması ilə bağlı səy göstərirlər. Belə olan halda Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcək və danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaq".
Prezident bildirib ki, təlimlərdə göstərilən peşəkarlıq, texniki imkanlarımız, cəmiyyətdə yaşanan və güclənən vətənpərvərlik ruhu istənilən anda məsələnin tezliklə, hərbi yolla həll edilməsinə şərait yaradır. Bunu düşmən də bilir və ona görə qorxu içindədir: "Biz hələ ki, danışıqlara sadiq qalacağıq. Ancaq bir daha demək istəyirəm ki, səbrimiz tükənir və Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, buna qadirdir. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır. İşğal edilmiş torpaqlar ilk növbədə azad olunmalıdır, ondan sonra Dağlıq Qarabağ, - o da işğal edilmiş torpağımızdır, - Azərbaycan nəzarətində olmalıdır. Azərbaycan bayrağı işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə qaldırılmalıdır və qaldırılacaq. Bu, bizim əsas vəzifəmizdir. Biz bu vəzifəyə çatacağıq. Biz hər gün, hər an bu hədəfə yaxınlaşırıq. Bugünkü təlimlər bir daha onu göstərir ki, biz bu hədəfə bir addım da yaxınlaşmışıq".
Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə ordumuz dünyada ən güclü ordular sırasındadır: "Hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür. Bu, bizim prioritetimizdir və bundan sonra da hərbi xərcləri artıracağıq. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Ən müasir silah-sursat alınır və bu gün bu silahların, texnikanın bir hissəsi burada nümayiş etdirilib".
Prezident İlham Əliyev onu da deyib ki, orduda nizam-intizam artır, islahatlar aparılır: "Ordumuzun döyüş qabiliyyəti artır, güclənir. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər və bugünkü təlimlər bunu bir daha nümayiş etdirib. Ordumuzun uğurlu inkişafı üçün həm maddi-texniki təchizat davam etdiriləcək, eyni zamanda, Silahlı Qüvvələrdə aparılan islahatlar dərinləşəcək. Müasir döyüş taktikası tətbiq edilir, dünyada ən qabaqcıl təcrübə öyrənilir və Azərbaycanda istifadə olunur".