Azərbaycanlı narkotacirə 15 il həbs cəzası verildi

Novokuznetskdə Türkiyə və Azərbaycan vətəndaşlarına hökm oxunub. Onlar 200 kq-dan atıq həşişin qaçaqmalçılığı və satışına cəhddə təqsirli biliniblər. İki nəfərin qaçaqmalçılıq yolu ilə İrandan gətirdiyi yük narkopolis tərəfindən saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, məhkəmə prosesi 2 ildən çox davam edib. Türkiyə vətəndaşı Əli Barin və azərbaycanlı Elman Talıbov 2011-ci ildə xüsusi təyinatlılar tərəfindən Novokuznetskdə anbarda malı qəbul edərkən saxlanılıblar. Şüşə konteynerində əməliyyatçılar 243 kq gizlədilmiş narkotik vasitə aşkarlayıblar. Xarici vətəndaşlar konteynerləri qohumlarının xahişi ilə qarşıladıqlarını və onun içində gizlədilmiş həşişdən xəbərlərinin olmadığını iddia ediblər. Narkopolis danışıqları Azərbaycan dilindən tərcümə etdikdən sonra məlum olub ki, yük dəniz yolu ilə İrandan Həştərxana, oradan isə dəmiryolu vasitəsi ilə Novokuznetskə gətirilib.

 

Narkodaşıyıcılar narkotik vasitələri topdan, yəni hər kiloqramını 4 min dollara satmaq niyyətində idilər.

 

Kuybsşevski məhkəməsi Əli Barin və Elman Talıbovun hər birini cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il azadlıqdan məhrum edib.

 

Müəllif | Apa.Tv