Donetsklə Luqansk birləşib bir "respublika" oldu

Ukraynanın şərqində separatçıların elan etdiyi "Donetsk Respublikası" və "Lugansk Xalq Respublikası"nın nümayəndələri toplaşaraq “parlament yığıncağı” təşkil ediblər. Donetskin hökumət binasının məclis salonunda baş tutan “parlament yığıncağı”nda separatçılar hər iki “respublika”nın birləşərək, “Xalq Birliyi Respublikası” yaratması barədə razılığa gəliblər. “Xalq Birliyi Respublikası” parlamentinin rəhbəri isə Oleq Tsarev seçilib. Eyni zamanda iclasın gedişində konstitutsiya aktı qəbul edilib. İyirimi səhifədən ibarət olan bu akt əsasında "respublika"nın əsas qanunlarını özündə ehtiva edən sənəd hazırlanacaq. Bundan əlavə, "respublika" ərazisində iki dil dövlət dili olacaq. Parlamentin növbəti sessiyası iki həftədən sonra baş tutacaq.

 

APA TV-nin xəbərinə görə, Donetsk şəhərində silahlı separatçılar hərbi hissəni ələ keçiriblər. Məlumata görə, Milli Qvardiyanın Donetsk şəhərində yerləşən 3004 saylı hərbi hissəsinin konvoy batalyonunun şəxsi heyəti və silahlı terrorçular arasında 7 saatadək davam edən döyüş zamanı hərbçilərin sərəncamında olan silah-sursat bitib. Nəticədə hərbi hissənin ərazisi terrorçuların nəzarətinə keçib. Eyni zamanda hərbi hissə komandirinin əsir götürüldüyü bildirilir, batalyonun şəxsi heyəti isə başqa hissəyə köçürülüb.

 

Müəllif | Apa.Tv