Obama Suriyada müxalifəti gücləndirmək istəyir
ABŞ prezidenti Barak Obama Suriyada Bəşər Əsəd rejimin qarşı döyüşən üsyançı dəstələrə 500 milyon dollar ayırmağı təklif edib. Bu haqda “Financial Times” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Ağ Ev rəhbəri maliyyə dəstəyi ilə Suriyadakı müxalif qüvvələrin hərbi təchizatını gücləndirmək niyyətindədir.
ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ketlin Xeyden bildirib ki, Obama administrasiyasının əsas məqsədi Suriya xalqının təhlükəsizliyini təmin etmək və regiondakı sabitliyi qorumaqdır.
Suriyada üç ildir, davam edən vətəndaş müharibəsində ölənlərin sayının 160 mindən çox olduğu bildirilir.Vəziyyət qeyri-sabit olaraq qalır və görünən odur ki, prezident Bəşər Əsəd də postundan əl çəkmək niyyətində deyil.