Ermənilər daha bir Tovuz sakinini yaraladılar

Ötən gecə Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Tovuz rayon Hacallı kənd sakini yaralanıb. Kənd sakinlərinin APA TV-nın qərb bürosuna verilən məlumata görə, səhər və axşam fasilələrlə Tovuzun Hacallı kəndi atəşə tutulub. Nəticədə 30 yaşlı Elnur Quliyev qolundan və ayağından güllə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Elnur Quliyevin vəziyyətinin normal olduğu bildirilir.

 

Məlumata görə, əqli qüsuru olan Elnur Quliyev düşmən postlarının yaxınlığnda hündür təpəyə çıxarkən ona atəş açılıb. Erməni silahlı qüvvələrinin açdığı atışma nəticəsində rayonun Əlibəyli kəndində Abdulla Ələsgərovun həyətindəki iribuynuzlu heyvan ağır yaralanıb. Ermənilər Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətindəki neytral zonada yanğın törədiblər. Dünən saat 16.00 radələrindən başlayan yanğın indiyə qədər davam edir. Əlibəyli kənd sakinləri son zamanlar belə yanğınların  tez-tez törədildiyini və nəticədə həmin ərazilərdə mina partlayışlarının baş verdiyini bildiriblər. Sakinlərin sözlərinə görə, belə yanğınlardan sonra zərərvericilərin kəndə axını başlayır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli