TQDK sədri: "Qaydanı bilməmək abituriyentin taleyinə təsir edir"
İyun ayında Azərbaycanda 200 mindən çox şagird buraxılış imtahanlarında iştirak edib. APA TV-nin xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib ki, bu buraxılış imtahanları hər bir imtahan verənlərin yaşadığı ərazidə aparılıb: "Amma yerlərdə olarkən görürük ki, abituriyentlər, onların valideynləri çox zaman bizim məlumatları, qaydaları düzgün bilmirlər. Onlar rəsmi qaydaları bilmədikləri üçün müəyyən səhvlər edirlər. Qaydanı bilməmək, hansısısa şərti yerinə yetirməmək abituriyentin taleyinə də müəyyən mənfi təsir göstərə bilər".
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 29-da daha bir buraxılış imtahanları keçirəcək: "Bütün imtahanlarda iştirak etməyən abutiriyentlərə aiddir. Vacibdir ki, bu imtahana hami gəlsin".
Həmin tarixdə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcək. Abituriyentlərin ərizələrinin qəbulu mayın 12-dən iyunun 13-dək internet vasitəsilə aparılıb.
Sədr bildirib ki, 2013-cü ildə IX siniflər üzrə buraxılış imtahanı verən şagirdlərin ümumi balı 25 bal olubsa, 2014-cü ildə bu nəticə 25,94 baldır.